Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan "Məktəblərin valideynlər qarşısında illik hesabatı" layihəsi davam edir.
Layihənin keçirilməsində məqsəd valideyn və məktəb əməkdaşlığını gücləndirmək, valideynlərin tədris prosesində aktiv iştirakını təmin etməkdir.
Bu məqsədlə sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Siyəzən rayonu Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbində valideynlərlə görüş keçirilmişdir.
Görüş zamanı 2023-2024-cü tədris ilində görülmüş işlər və həyata keçirilən layihələr barədə valideynlərə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda, yeni tədris ilində qarşıda duran hədəflər müzakirə edilmiş və görüş iştirakçılarına məktəbdə tətbiq olunacaq layihələr barədə məlumat verilmişdir.
2023-2024-cü tədris ilində məktəbin ictimai fəaliyyətlərində fəallıq göstərən bir qrup valideyn, məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılmışdır. Həmçinin valideynlərə, məktəbdə yeni yaradılmış "Valideyn güşəsi" və 2024-2025-ci tədris ilində fəaliyyət göstərəcək "Fəal valideynlər güşəsi" təqdim edilmişdir.
Eyni zamanda, məktəbin dərnək üzvləri də valideynlər qarşısında hesabat vermişdir.





Yeni Şərh